3
Dördüncü görüntü: baş kahin Yeşua
1 * Ezra 5:2 * Vəhy 12:10 Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı. 2 * Yəhd. 9 Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?» 3 O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı. 4 Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm». 5 Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu.
6 Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi: 7 «Ordular Rəbbi belə deyir:
“Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan,
Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan.
Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.
8 * Yer. 23:5; 33:15; Zək. 6:12 Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın!
Çünki onlar gələcək hadisələrin əlamətidir.
Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.
9 Yeşuanın önünə qoyduğum daşa baxın!
O tək daşın yeddi gözü var.
Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi,
«Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.
10 * Mik. 4:4 O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq»
Bəyan edir Ordular Rəbbi.