10
1 Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm. 2 Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır. 3 Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar. 4 Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
Hamı üçün xilas
5 * Lev. 18:5Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 6 * Qanun. 30:12-14Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?” 7 ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» 8 Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik: 9 əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. 10 Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur. 11 * Yeş. 28:16Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq». 12 Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. 13 * Yoel 2:32Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq». 14 Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? 15 * Yeş. 52:7Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!» 16 * Yeş. 53:1Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?» 17 Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
18 * Zəb. 19:4Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər:
«Avazları bütün dünyaya yayıldı,
Sözləri yerin ucqarlarına çatdı».
19 * Qanun. 32:21Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir:
«Mən sizi xalq olmayanlarla qısqandıracağam,
Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
20 * Yeş. 65:1-2 Yeşaya isə cəsarətlə deyir:
«Rəbb deyir:
“Məni axtarmayanlar tərəfindən tapıldım,
Məni soruşmayanlara Mən zühur etdim”».
21 İsrail barədə isə belə deyir:
«Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».