16
İsanın dirilməsi
(Mat. 28:1-8; Luka 24:1-9; Yəh. 20:1-10)
1 Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər. 2 Həftənin ilk günü* Həftənin ilk günü – yəni bazar günü. səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər. 3 Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?» 4 Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi. 5 Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər. 6 Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir. 7 * Mat. 26:32; Mark 14:28İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”». 8 Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.
İsa şagirdlərə görünür
(Mat. 28:9-10; Luka 24:13-35; Yəh. 20:11-18)
9 İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü. 10 Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi. 11 Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.
12 Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü. 13 Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.
İsa şagirdlərinə tapşırıq verir
(Mat. 28:16-20; Luka 24:36-49; Yəh. 20:19-23; Həv. 1:6-8)
14 Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar. 15 İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin. 16 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq. 17 İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar, 18 ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».
İsanın göyə qaldırılması
(Luka 24:50-53; Həv. 1:9-11)
19 Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu. 20 Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.† Ən qədim yunan əlyazmalarında bu ayələr yoxdur.