5
İlk şagirdlər
(Mat. 4:18-22; Mark 1:16-20)
* Mat. 13:1-2; Mark 3:9-10; 4:1Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı.
O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın». * Yəh. 21:3Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram». * Yəh. 21:6Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı. Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam». Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər. 10 Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan». 11 Onlar qayıqları göl kənarına çıxarıb hər şeyi atdılar və İsanın ardınca getdilər.
İsa cüzamlıya şəfa verir
(Mat. 8:1-4; Mark 1:40-45)
12 Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən». 13 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan sağaldı. 14  * Lev. 14:1-32İsa ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin və dedi: «Amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə sənin cüzamdan paklandığın üçün Musanın buyurduğuna əsasən təqdimlər apar». 15 Amma indi İsa barəsində xəbər daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gəlirdi ki, Ona qulaq assın və xəstəliklərdən şəfa tapsın. 16 Amma İsa kimsəsiz yerlərə çəkilib dua edirdi.
İsa iflicə şəfa verir
(Mat. 9:1-8; Mark 2:1-12)
17 Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və Qanun müəllimləri Onun yanında oturmuşdu. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi. 18 Bu vaxt bir neçə nəfər yataqda yatan bir iflic adamı gətirdi. Onlar bu adamı içəri gətirib İsanın önünə qoymağa çalışırdılar. 19 Amma böyük izdihama görə iflici İsanın yanına gətirə bilmirdilər. Ona görə də evin damına çıxıb kirəmitləri söküb açdıqları yerdən xəstəni yatağı ilə birgə aşağı endirdilər və ortalığa, İsanın qarşısına qoydular. 20 İsa onların imanını görüb dedi: «Dostum, günahların bağışlandı». 21 İlahiyyatçılar və fariseylər belə düşünməyə başladılar: «Küfr danışan bu Adam kimdir ki? Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 22 İsa onların nə fikirləşdiyini dərk edib cavab verdi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 23 Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 24 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: «Sənə deyirəm, qalx, yatağını götür, evinə get!» 25 Xəstə dərhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü və Allahı izzətləndirərək evinə getdi. 26 Hamı mat qaldı və Allahı izzətləndirib böyük qorxu içində dedi: «Bu gün möcüzəli işlər gördük!»
Levi şagirdlərə qoşulur
(Mat. 9:9-13; Mark 2:13-17)
27 Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl». 28 O da durub hər şeyi atdı və İsanın ardınca getdi.
29 Sonra Levi evində İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergiyığan və başqa adamlar süfrəyə oturmuşdu. 30  * Luka 15:1-2Fariseylərlə onların ilahiyyatçıları* Fariseylərlə onların ilahiyyatçıları – bəzi əlyazmalarda İlahiyyatçılar və fariseylər. şikayət etməyə başladı. Onlar İsanın şagirdlərinə dedi: «Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib-içirsiniz?» 31 Amma İsa onlara belə cavab verdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 32 Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm».
Oruc barəsindəki sual
(Mat. 9:14-17; Mark 2:18-22)
33 Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər». 34 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi? 35 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar».
36 İsa onlara bir məsəl də çəkdi: «Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. 37 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. 38 Təzə şərab təzə tuluqlara doldurulmalıdır. 39 Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”».

*5:1 Mat. 13:1-2; Mark 3:9-10; 4:1

*5:5 Yəh. 21:3

*5:6 Yəh. 21:6

*5:14 Lev. 14:1-32

*5:30 Luka 15:1-2

*5:30 Fariseylərlə onların ilahiyyatçıları – bəzi əlyazmalarda İlahiyyatçılar və fariseylər.