12
Zahı qadınlar üçün qaydalar
1 Rəbb Musaya dedi: 2 «İsrail övladlarına belə de: “Hamilə olub oğlan uşağı doğan bir qadın aybaşı, murdarlıq dövründə olduğu kimi yeddi gün murdar sayılsın. 3 * Yar. 17:12; Luka 1:59; 2:21 Səkkizinci gün uşaq sünnət olunsun. 4 Qadın qanaxmadan paklanmaq üçün daha otuz üç gün gözləsin. Bu paklanma dövrü bitənə qədər qadın heç bir müqəddəs şeyə toxunmamalı və Müqəddəs məkana yaxınlaşmamalıdır.
5 Əgər bir qadın qız uşağı doğarsa, aybaşı vaxtı kimi iki həftə murdar sayılsın və paklanmaq üçün əlavə olaraq altmış altı gün gözləsin.
6 Oğlan yaxud qız uşağı doğub paklanma müddəti bitəndə qadın Hüzur çadırının girişinə birillik toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi gətirsin. 7 Kahin bunları Rəbbin hüzurunda qurban gətirib, zahı qadın üçün kəffarə etsin ki, o qan axmasından pak olsun. Qız ya oğlan doğan zahı qadın üçün təlimat budur.
8 * Luka 2:24 Əgər qadının toğlu gətirməyə gücü çatmırsa, onda birini yandırma qurbanı, o birini isə günah qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin gətirsin. Bununla kahin həmin zahı üçün kəffarə etsin ki, o pak olsun”».