16
Menaşşe və Efrayim qəbilələrinə düşən torpağın cənub sərhədi
1 Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı. 2 Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi. 3 Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı.
4 Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar.
Efrayim qəbiləsinin torpaqları
5 Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi. 6 Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı. 7 Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı. 8 Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır. 9 Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi.
10 * Hak. 1:29 Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar.