14
Əsirlərin qayıtması
1 Rəbb Yaqub nəslinə rəhm edəcək,
İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək,
Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.
2 Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq.
Onda İsrail xalqı Rəbbin torpağında
Onları özlərinə qul və kəniz edəcək;
Onları əsir aparanları özləri əsir edəcək,
Onlara zülm edənlərin üzərində hökm sürəcək.
Ölülər diyarına düşən Babil padşahı
3 Rəbb səni ağrıdan, sıxıntıdan,
Gördüyün ağır işdən qurtaranda
4 Babil padşahına lağ edib belə deyəcəksən:
«Zülmkarın sonu gör necə oldu!
Zorakılığın axırı gör necə oldu!
5 Rəbb pis adamların dəyənəyini,
Hökmdarların əsasını qırdı.
6 O əsa ki dayanmadan xalqları qəzəblə vurardı,
Millətləri qeyzlə, amansızca əzərdi.
7 İndi isə bütün dünya
Sakitlik və rahatlıq içində sevincdən coşur.
8 Livanın şam və sidr ağacları
Sənin fəlakətinə sevinərək deyir:
“Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”.
9 Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib,
Səni qarşılamağa can atır, ey Babil padşahı!
Yer üzünün ölən bütün başçıları
Sənin gəlişindən həyəcanlanır,
Millətlərin bütün keçmiş padşahları
Taxtlarından ayağa qalxır.
10 Hamı səni çağırıb belə deyəcək:
“Sən də bizim kimi zəif oldun, bizə bənzədin!”
11 Cah-calalın, çənglərinin səsi
Ölülər diyarına endirildi.
Altını qurd, üstünü həşərat bürüdü.
12 * Vəhy 8:10; 9:1 Ey parlaq ulduz, dan oğlu,
Necə də göylərdən yerə düşdün!
Ey millətləri tapdalayıb keçən,
Necə də yerə yıxıldın!
13 * Mat. 11:23; Luka 10:15 Sən ürəyində dedin:
“Göylərə qalxacağam,
Taxtımı Allahın ulduzları üzərində ucaldacağam,
Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,
14 Uca buludların üzərinə çıxacağam,
Haqq-Taala kimi olacağam”.
15 Ancaq ölülər diyarına,
Ölüm çuxurunun dərinliyinə endiriləcəksən.
16 Səni görənlər gözlərini zilləyib
Sənin haqqında düşünüb belə deyəcək:
“Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan,
17 Yer üzünü səhraya çevirən,
Şəhərlərini yerlə yeksan edən,
Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”
18 Bütün millətlərin padşahları,
Hər biri öz əzəmətli sərdabəsində uyuyur.
19 Lakin sən iyrənc budaq kimi
Qəbrindən kənara, uzağa atıldın,
Bir çuxurun dibinə tullanan,
Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən,
Ayaq altında qalan leş kimisən.
20 Ölkəni dağıdıb xalqını öldürdüyünə görə
Başqaları kimi dəfn olmayacaqsan.
Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq.
21 Atalarının günahına görə
Övladları üçün qırğın hazırlayın ki,
Onlar qalxıb dünyanı zəbt etməsinlər,
Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər».
22 «Babil xalqına qarşı qalxacağam»
Bunu Ordular Rəbbi bəyan edir.
«Babilin adını, sağ qalanlarını, oğullarını,
Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir.
23 «Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm,
Qırğın süpürgəsi ilə süpürəcəyəm»
Ordular Rəbbi bəyan edir.
Rəbb Aşşurluları cəzalandıracaq
24 * Yeş. 10:5-34; Nah. 1:1–3:19; Sef. 2:13-15 Ordular Rəbbi and içib belə deyir:
«Mütləq düşündüyüm kimi olacaq,
Niyyət etdiyim kimi gerçəkləşəcək.
25 Ölkəmdə Aşşurluları məhv edəcəyəm,
Dağlarımda onları tapdalayacağam.
Xalqım Aşşurun boyunduruğundan,
Çiyinlərindəki yükündən qurtulacaq.
26 Bütün dünya üçün hazırladığım hökm budur,
Bütün millətlərə qarşı uzanan əl budur.
27 Ordular Rəbbinin hökmünü kim poza bilər?
Uzanan əlini kim geri qaytara bilər?»
Rəbb Filiştliləri cəzalandıracaq
28 * 2Pad. 16:20; 2Saln. 28:27 Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq:
29 * Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7 «Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı,
Çünki ilanın kökündən gürzə törəyəcək,
Onun törəməsi də uçan ilan olacaq.
30 Kasıbların ən kasıbı doyacaq,
Fəqirlər rahat dincələcək.
Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm,
Sağ qalanlarınız da öldürüləcək.
31 Ey darvaza, fəryad et!
Ey şəhər, ağla!
Ey bütün Filiştlilər, başdan-başa əriyin!
Çünki şimaldan tüstü gəlir,
Düşmən əsgərləri nizamı pozmadan gəlir».
32 O millətin elçilərinə nə cavab veriləcək?
«Rəbb Sionun təməlini qoyub,
Onun xalqının fəqirləri orada
Sığınacaq tapacaq» deyiləcək.