8
İşarə: Maher-Şalal-Xaş-Baz
Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz * Maher-Şalal-Xaş-Baz – ibrani dilində tez qarət elə, cəld talan et. yaz. Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim».
Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy. Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq».
Rəbb mənimlə yenə danışıb belə dedi:
«Bu xalq sakit axan Şiloah sularını rədd edib
Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə
Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını –
Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm.
Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq.
Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək,
Boğaza qədər çatacaq.
Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!»
 
Ey xalqlar, pis işlər görün və qırılın!
Ey yer üzünün bütün uzaq ölkələri, eşidin!
Döyüşə hazırlaşın və qırılın!
Bəli, döyüşə hazırlaşın və qırılın!
10 Birlikdə məsləhətləşin, o boşa çıxacaq.
İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq,
Çünki Allah bizimlədir.
Rəbbin Öz xalqına xəbərdarlığı
11 Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi:
12  * 1Pet. 3:14-15 «Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin,
Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin.
13 Ordular Rəbbini müqəddəs sayın,
Ondan qorxun və lərzəyə gəlin!
14  * Rom. 8:32; 1Pet. 2:7-8 O, Müqəddəs məkan olacaq,
Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası,
Yerusəlim sakinlərinə tələ və tor olacaq.
15 Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq,
Tələyə düşüb əsir aparılacaq».
 
16 Ya Rəbb, şagirdlərimin arasında
Şəhadətini qoruyub saxla, təlimini möhürlə!
17  * İbr. 2:13 Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm,
Ona ümid edəcəyəm.
18 Mən və Rəbbin mənə verdiyi övladlar
Sion dağında məskunlaşan Ordular Rəbbinin
İsraildəki rəmzləri və nişanələriyik.
19 Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? 20 Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq. 21 Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər. 22 Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar».

*8:1 Maher-Şalal-Xaş-Baz – ibrani dilində tez qarət elə, cəld talan et.

*8:12 1Pet. 3:14-15

*8:14 Rom. 8:32; 1Pet. 2:7-8

*8:17 İbr. 2:13