12
Pasxa bayramı üçün təlimat
1 * Lev. 23:5; Say. 9:1-5; 28:16; Qanun. 16:1-2 Misir torpağında Rəbb Musaya və Haruna dedi: 2 «Bu ay sizin üçün ilin ilk ayı olacaq. 3 Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. 4 Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. 5 Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. 6 Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. 7 Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. 8 Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. 9 Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. 10 Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. 11 Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır.
12 Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. 13 Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. 14 Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin.
Mayasız Çörək bayramı
15 Yeddi gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki birinci gündən yeddinci günə qədər mayalı çörək yeyən hər kəsin ayağı İsrail övladlarının arasından kəsilməlidir. 16 Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin. 17 Bu Mayasız Çörək bayramına ona görə riayət edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən-nəslə bu sizin üçün əbədi qayda olsun və bu günə riayət edin. 18 Birinci ayın on dördüncü gününün axşamından ayın iyirmi birinci gününün axşamına qədər mayasız çörək yeyin. 19 Yeddi gün evinizdə maya olmasın, çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının arasından kəsilməlidir. 20 Heç bir mayalı şey yeməyin, yaşadığınız hər bir yerdə mayasız çörək yeyin».
İlk Pasxa bayramı
21 Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin.
22 Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın. 23 * İbr. 11:28 Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq. 24 Buna özünüz və övladlarınız üçün əbədi qayda kimi həmişə riayət edin. 25 Rəbbin söylədiyi kimi sizə verdiyi torpağa çatanda bu ibadətə riayət edərsiniz. 26 Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman 27 onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa* Pasxa – ibrani mətnində pesah sözü olub, yanından keçmək deməkdir. qurbanıdır”». Xalq əyilib səcdə etdi. 28 Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər.
Onuncu cəza: ilk övladların ölümü
29 * Çıx. 4:22-31 Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. 30 O gecə firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. 31 Firon gecə Musanı və Harunu çağırıb dedi: «Çıxın gedin! Həm özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin. 32 Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin».
33 Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: «Yoxsa hamımız öləcəyik». 34 Xalq maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı. 35 * Çıx. 3:21-22 İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər. 36 Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar Misirliləri soydular.
İsrail övladlarının Misirdən çıxışı
37 İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi. 38 Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı. 39 Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər.
40 * Yar. 15:13; Qal. 3:17 İsrail övladlarının Misirdə yaşadığı müddət dörd yüz otuz il olmuşdu. 41 Məhz bu dörd yüz otuz il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı. 42 Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər.
Pasxa yeməyinin qaydaları
43 Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin; 44 ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər. 45 Qonaq və muzdlu işçi ondan yeməməlidir. 46 * Say. 9:12; Zəb. 34:20; Yəh. 19:36 Qoy bu yemək bir evdə yeyilsin, əti evdən bayıra çıxarılmasın və onun bir sümüyü də qırılmasın. 47 Bütün İsrail icması bu yeməyi yesin. 48 Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir kişi ondan yeməsin. 49 Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir».
50 İsrail övladları Rəbbin Musaya və Haruna əmr etdiyi kimi də etdilər. 51 Rəbb o gün İsrail övladlarını Misir torpağından dəstələrlə çıxartdı.
*12:1 Lev. 23:5; Say. 9:1-5; 28:16; Qanun. 16:1-2
*12:27 Pasxa – ibrani mətnində pesah sözü olub, yanından keçmək deməkdir.
*12:46 Say. 9:12; Zəb. 34:20; Yəh. 19:36