20
Xizqiyanın xəstələnməsi
(2Saln. 32:24-26; Yeş. 38:1-8,21-22)
O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”». Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı. Yeşaya hələ orta həyətdən çıxmamış ona Rəbbin bu sözü nazil oldu: «Qayıt, Mənim xalqımın hökmdarı Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. İndi Mən səni sağaldıram və üçüncü gün Rəbbin məbədinə qalxacaqsan. Sənin ömrünü on beş il artırıram. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam, onu Özüm üçün və qulum Davudun xatirinə qoruyacağam”». Sonra Yeşaya «əncir kündəsi götürün» dedi. Bunu götürüb çibanın üstünə qoydular və padşah sağaldı.
Xizqiya Yeşayaya demişdi: «Rəbbin məni sağaldacağına və üçüncü gün Rəbbin məbədinə qalxacağıma əlamət nədir?» Yeşaya dedi: «Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: sənin istəyinə görə kölgə ya on dərəcə qabağa gedəcək ya da on dərəcə geri çəkiləcək». 10 Xizqiya dedi: «Kölgə üçün on dərəcə qabağa getmək asandır. Qoy on dərəcə geri çəkilsin». 11 Peyğəmbər Yeşaya Rəbbi çağırdı, Rəbb də Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəni on dərəcə geri çəkdi.
Xizqiyanın ağılsızlığı
(Yeş. 39:1-8)
12 O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini eşitmişdi. 13 Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan bütün şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarını elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün ölkəsində onlara göstərmədiyi bir şey qalmadı.
14 Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib ona dedi: «Bu adamlar nə dedilər? Sənin yanına haradan gəldilər?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». 15 Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».
16 Yeşaya Xizqiyaya dedi: «Rəbbin sözünü dinlə: 17  * 2Pad. 24:13; 2Saln. 36:10 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. 18  * 2Pad. 24:10-16; Dan. 1:1-7 “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaq”». 19 Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq. Bu, yaxşı deyilmi?»
20 Xizqiyanın qalan işləri, onun bütün hünəri, hovuz və su kəməri düzəldib suyu necə şəhərə gətirməsi barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 21 Xizqiya ataları ilə uyudu və yerinə oğlu Menaşşe padşah oldu.

*20:17 2Pad. 24:13; 2Saln. 36:10

*20:18 2Pad. 24:10-16; Dan. 1:1-7