25
Yəhuda padşahı Amasya
(2Pad. 14:2-20)
1 Amasya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi. 2 Amasya Rəbbin gözündə doğru olan işlər etdi, ancaq bunları bütün ürəyi ilə etmədi. 3 Padşahlıq əlində möhkəmlənəndə Amasya atasını öldürmüş əyanlarını öldürdü. 4 * Qanun. 24:16; Yez. 18:20 Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».
5 Amasya Yəhudalıları topladı, nəsillərinə görə bütün Yəhudalıları və Binyaminliləri minbaşıların və yüzbaşıların başçılığı altında düzdü. İyirmi yaşda və ondan yuxarı olanları yığıb onların arasından nizə və sipər daşıyan, döyüşmək bacaran üç yüz min adam seçdi. 6 Yüz talant gümüşə İsraildən yüz min igid döyüşçünü də muzdla tutdu. 7 Ancaq bir Allah adamı gəlib ona dedi: «Ey padşah, qoy İsrail ordusu səninlə bərabər getməsin, çünki Rəbb İsraillilərlə, bütün bu Efrayimlilərlə deyil. 8 Əgər getsən, tək get, döyüşdə cəsarətli ol, amma Allah səni düşmənin önündə büdrədəcək, çünki Allahda yardım etməyə və büdrətməyə qüdrət var». 9 Amasya Allah adamına dedi: «Ancaq İsrail ordusuna verdiyim yüz talant üçün nə edim?» Allah adamı dedi: «Rəbb sənə bundan artığını verə bilər». 10 Amasya Efrayimdən yanına gələn ordunu yerlərinə getmək üçün ayırdı. Bundan ötrü Yəhudaya qarşı onların qəzəbi alovlandı və qızğın qəzəblə yerlərinə qayıtdılar.
11 Amasya cəsarətləndi və xalqını götürüb Duz dərəsinə getdi, Seirlilərdən on min nəfəri qırdı. 12 Yəhudalılar sağ qalan daha on min nəfəri əsir aldılar, onları qayanın başına gətirib oradan aşağı atdılar. Onların hamısı parça-parça oldu. 13 Ancaq özü ilə birgə döyüşə getməsinlər deyə Amasyanın geri göndərdiyi ordunun əsgərləri Samariyadan Bet-Xorona qədər Yəhuda şəhərlərinə basqın etdilər. Onlardan üç min nəfəri qırdılar və qarət olunmuş çoxlu qənimət ələ keçirdilər.
14 Amasya Edomluları qırıb gəldikdən sonra Seirlilərin bütlərini gətirib onları özü üçün allahlar olaraq qoydu. O bunların önündə səcdə etdi və onlara buxur yandırdı. 15 Amasyaya qarşı Rəbbin qəzəbi alovlandı və onun yanına bir peyğəmbər göndərdi. Bu peyğəmbər ona dedi: «Nə üçün o xalqın allahlarına üz tutdun? Onlar öz xalqlarını sənin əlindən qurtara bilmədilər». 16 Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın».
17 Yəhuda padşahı Amasya məsləhətləşib İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına xəbər göndərib dedi: «Gəl, qarşılaşaq». 18 İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı. 19 Sən “Edomluları qırdım” deyərək ürəyin qürurlanıb, bununla öyünürsən. İndi öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»
20 Ancaq Amasya qulaq asmadı. Bu iş onları Yoaşın əlinə təslim etmək üçün Allahdan oldu, çünki Amasya Edomun allahlarına üz tutmuşdu. 21 İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı. 22 Yəhudalılar İsraillilərin önündə məğlub oldu və hər kəs öz evinə qaçdı. 23 İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutub onu Yerusəlimə gətirdi. O, şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu. 24 Bütün qızıl-gümüşü, Allahın məbədində Oved-Edomun ixtiyarında olan bütün əşyaları, sarayın xəzinələrini apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.
25 Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı. 26 Amasyanın qalan işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. 27 Amasya Rəbbin yolundan azdığı vaxtdan başlayaraq Yerusəlimdə ona qarşı qəsd hazırladılar. O, Lakişə qaçdı, ancaq Lakişə onun dalınca adamlar göndərdilər və orada onu öldürdülər. 28 Onu atlar üstündə gətirib Yəhuda şəhərində, atalarının yanında basdırdılar.