13
Məhəbbətin qüdrəti
1 Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 2 * Mat. 17:20-21; 21:21; Mark 11:23Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. 3 Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda* Bədənimi oda – bəzi əlyazmalarda öyünmək üçün bədənimi ölümə. təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur.
4 Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, 5 kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. 6 Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. 7 O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.
8 Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq. 9 Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 10 Kamillik gələndə məhdud olan aradan qalxacaq. 11 Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. 12 İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. 13 İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.
*13:2 Mat. 17:20-21; 21:21; Mark 11:23
*13:3 Bədənimi oda – bəzi əlyazmalarda öyünmək üçün bədənimi ölümə.